18.02.2017-ci il tarixdə Xocalı rayon İH-nin təşkilatçılığı, YAP Xocalı rayon Gənclər Birliyinin təşəbbüsü ilə Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Yeni yaşayış massivində açıq havada fləşmob keçirildi.
Əvvəlcə topraqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
YAP Xocalı rayon Gənclər Birliyinin sədri Aynur Abışova çıxış edərək Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ölkə rəhbərliyinin və “Heydər Əliyev” Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının gördüyü işlərdən danışdı. O, fikirlərinə əlavə etdi ki, Xocalı rayon gəncləri hər an düşmənə nifrət bəsləyir, qisas gününü gözləyir.
Xocalı soyqırımının canlı şahidlərindən biri olan Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov çıxışında erməni quldurlarının vəhşiliklərini, günahsız insanların başına gətirilən faciələri bir daha yada saldı. Vidadi müəllim bildirdi ki, silahsız, köməksiz Xocalı sakinləri son ana qədər düşmənə qarşı layiqincə mübarizə apardılar. Başımıza gətirilən müsibətlər bizim döyüş əzmimizi, daha da artırmalıdır.
Sonda Xocalı şəhr 1 saylı Musiqi məktəbinin müşayiəti, Xocalı şəhər 1 saylı məktəbin şagirdlərinin iştirakı ilə "Dünya Xocalıya ədalət" adlı fləşmob nümayiş olundu.
Vasif BAĞIROV,
YAP Xocalı Gənclər
Birliyinin üzvü